RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “İnformasiya texnologiyalarının dünyada sülhün təminatında rolu” mövzusunda “dəyirmi masa” keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “İnformasiya texnologiyalarının dünyada sülhün təminatında rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

Nazirliyin birlik və müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən RYTN-in Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov İnsan hüquqları üzrə müvəkkilin təşəbbüsü ilə sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” keçirildiyini, “dəyirmi masa”nın da bu aylıq çərçivəsində təşkil olunduğunu nəzərə çatdırıb.

Daha sonra “İnformasiya texnologiyalarının dünyada sülhün təminatında rolu” mövzusunda təqdimata başlayan B.Məmmədov bu sahədə beynəlxalq və Azərbaycan təcrübəsindən söz açıb.

Dünyada sülhün dayanıqlı təminatında İKT-nin böyük rolu olduğunu qeyd edən RYTN rəsmisi bu istiqamətin Azərbaycanda prioritet sahə kimi önə çəkildiyini, iqtisadiyyatın davamlı və sabit inkişafı baxımından rabitə və yüksək texnologiyalar sektoruna yüksək önəm verildiyini vurğulayıb.

Qeyd edilib ki, respublikada İKT sahəsinə xüsusi diqqət ayrılır, ölkə prezidentinin yaxından dəstəyi və qayğısı sayəsində rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində məqsədyönlü işlər görülür, həmçinin sahə üzrə yeni təsisatlar yaradılır.

“Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na da toxunan şöbə müdiri insan hüquqlarının təbliği, həmçinin hüquq mədəniyyətinin inkişafı, hüquqların müdafiəsi və s. kimi istiqamətlər haqda geniş məlumat verib.

B.Məmmədovun sözlərinə görə, insanların hüquqları “off-line”-da olduğu kimi, “on-line”-da da qorunmalıdır. Belə ki, real gerçəklikdə insan hüquqlarının təminatı sahəsində olan zəmanətlər, hüquqi mexanizmlər “on-line”-da, yəni internetdə təmin olunmalıdır.

Bu sahədə beynəlxalq təcrübəyə toxunan nazirlik rəsmisi bildirib ki, Avropa Şurası tərəfindən internetdə azadlıq sahəsində tövsiyələr hazırlanıb və bu tövsiyələr ilk növbədə internetə azad çıxışın təmin edilməsi, fikir və ifadə azadlığının təsbiti, qorunması və s. kimi məsələləri özündə ehtiva edir.

Tövsiyələrdə qeyd olunur ki, internetdə qeyri-qanuni əməllərə görə məhdudiyyətlər tətbiq oluna bilər, amma bu məhdudiyyətlərin özü də qanunvericiliyə əsaslanmalıdır.

Sənəddə internetdə müdafiə vasitələri haqda xüsusi müddəalar da yer alıb.

Daha sonra “İnformasiya texnologiyalarının dünyada sülhün təminatında rolu” mövzusunda “dəyirmi masa” iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

H.İSABALAYEVA

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email