RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

NİK VUDMAN - ekstremal idman növləri ilə maraqlananlar üçün ilk kameranın yaradıcısı

Onu iki ən sevimli hobbisi - şəkil çəkmə və sörfinq dünyanın ən zəngin insanlarından biri etdi. Söhbət Nik Vudmandan gedir. Vudmanın düşüncəsinin məhsulu olan “GoPro” kameraları yalnız ekstremal idman növləri ilə maraqlanan milyonlarla insanın həyatını sadələşdirmədi, həm də yaradıcısına milyonlar qazandırdı. “GoPro Inc” şirkətinin icraçı direktoru Nik Vudman, 2014-cü ildə ən yüksək maaşlı rəhbər olub. “Bloomberg Pay Index” indeksinə əsasən, “CEO GoPro” postunda Vudman $284,5 milyon alıb. Bu, kameraların yeni bazar seqmentini yaratmış şirkətin fenomenal müvəffəqiyyəti ilə bağlıdır.

 

İlk və tək uğursuzluğu

 

Nik Vudman 1975-ci il, 24 iyun tarixində dünyaya göz açıb. Gələcək milyarder ABŞ-ın qərb sahilində Aterton şəhərində böyüyüb. Vudman məktəbdə orta səviyyədə oxuyurdu, onu dərsliklərdən daha çox idman maraqlandırırdı. Böyük siniflərdə o, sörfinqlə ciddi olaraq maraqlanır. Məktəbi bitirdikdən sonra məhz bu idman növü onun ali təhsil müəssisəsi seçiminə təsir etdi. O, San-Xosedə Kaliforniya Universitetinə reputasiyasına görə deyil, okeana yaxın olmasına görə daxil olur.

Vudman universiteti bitirdikdən sonra şəxsi biznesini qurmağa qərar verdi və 1990-cı illərin sonlarında “Funbug” şirkətinin əsasını qoydu. Ancaq şirkət sonradan müflis oldu.

“İnsanların köhnə oyunları oynaya bildiyi sayt mənim birinci biznesim idi. Bu, yaxşı ideya idi, amma o, öz vaxtını qabaqlayırdı. Mən 4 milyon dollar həcmində vəsait cəlb etdim, amma sonra hər şeyi itirdim. Heç kim istəmir ki, uduzsun, amma bu, həqiqətən gələcəkdə mənə kömək etdi”, - Vudman “Outside Magazine”-ə danışıb.

 

“Gülməli ideya”

 

Müflislik fikirlərindən yayınmağa qərar verən Vudman öz dostu və gələcək həyat yoldaşı ilə birlikdə İndoneziya və Avstraliya üzrə serf-tura yola düşdü. Vudman Kaliforniyaya evə qayıtmazdan, faydalı işi tapmazdan və adi həyata atılmazdan əvvəl bu səfərə azadlığın son qurtumu kimi baxırdı.

Avstraliyada Vudman görür ki, gözəl və keyfiyyətli şəkillər və videoyazılar yalnız peşəkar idmançılara nəsib olur. Onlar çəkilişlər üçün xüsusi komandaları işə götürürdülər. Adi sörfçülər birdəfəlik suyadavamlı kameralarla kifayətlənirdi.

Orada Vudmanın beyninə ekstremal idman növləri ilə məşğul olan zaman istifadə olunmağa maksimal dərəcədə uyğunlaşdırılmış və biləyə bərkidilə bilən kamera yaratmaq ideyası gəldi. “Biz hamımız bu ideyaya güldük və təəccübləndik ki, o, həqiqətən qayış istehsal etmək istəyir?” - onun dostu xatırlayır. Kaliforniyaya qayıdan Vudman öz ideyasını reallaşdırmağa çalışır. İdeyanın gerçəkləşməsinə təxminən dörd il vaxt sərf olunur.

Vudman qayışlı balaca çamadanı yaratdıqdan və satmağa başladıqdan sonra buna uyğun yığcam kameranın axtarışlarına başlayır. Nəhayət, topdan şəkildə 3 dollara satılan 35 millimetrlik Çin kamerasını tapır. O zaman Vudman Çin istehsalçısına öz balaca çamadan nümunəsini və 5 min dollar göndərir. O əmin deyildi ki, Çindən ümumiyyətlə hər hansı cavab gələcək, ancaq iki ay sonra şirkət ona hazır nümunəni yollayır.

 

Nik Vudman alternativi olmayan məhsulları istehsal edir

 

İlk “GoPro” kamerası “Action Sports Retailer Show”-da 2004-cü ildə təqdim edilmişdi. Vudman burada 100 nüsxə sifariş alır. “GoPro”-nun ilk satış ilində şirkətin gəliri 350 min dollar təşkil etdi.

İlk rəqəmli “GoPro Digital Hero” qurğusunu 2006-cı ildə çıxardı. Onun çəkiliş müddəti 10 saniyə ilə məhdudlaşırdı. Bu kamera şirkətə 800 min dollar gəlir gətirib və 2007-ci ildə Nik Vudman artıq 3,4 milyon dollar qazanıb. 2004-cü ildən kameraların satışları hər il ikiqat artırdı.

Ancaq “GoPro” şirkəti 2012-ci ildə “Hero 3” kamerasını təqdim etməklə əsil uğura imza atdı.

Bu qurğular “Wi-Fi” texnologiyası üzrə smartfon və planşetlərə qoşula bilib və nəticədə kameranın çəkdiyi kadrlara anında baxmaq imkanı yaranıb.

Sudan müdafiə və zərbəyə davamlı kiçikölçülü qurğular dərhal hər yerdə istifadə edilməyə başlanılıb: velosipedçilər bu qurğuları şlemlərinə, yarışçılar maşınlarına birləşdiriblər, sörftçülər “GoPro” kameralarının köməyi ilə dalğalar üzərindəki əyləncələrini çəkiblər. Hazırda “GoPro” şirkətinin alternativi yoxdur. Şirkətin məhsulu de-fakto standart sayılır və qiymətinin baha olmasına baxmayaraq çox vaxt ağır şərtlər altında çəkiliş üçün yeganə mümkün variantdır.

GoPro” şirkəti ötən ilin payızında miniatür “Hero” idman kameralarının dördüncü nəslini nümayiş etdirib. Qabaqcıl kamera “Hero4 Black” adlanır. Saniyədə 30 kadr sürətlə 4K təsvir ölçüsündə video çəkə bilir, 1080p təsvir ölçüsündə çəkiliş sürəti saniyədə 120 kadr təşkil edir. İstehsalçılar qeyd etdiyi kimi, bu rejimdə çəkiliş arzuolunmaz effektindən qurtulmağa imkan verəcək. Bu qurğu digərindən onunla fərqlənir ki, 2,7K maksimal təsvir ölçüsündə çəkə bilir, çəkiliş sürəti saniyədə 30 kadr təşkil edir. 1080p təsvir ölçüsündə “Hero4 Silver” kamerasının çəkiliş sürəti 60 kadr və kamera 720p təsvir ölçüsündə saniyədə 120 kadr qeydə ala bilər. Bu halda “Silver” sensor ekrana sahiblənib və bu da istifadənin rahatlığını yüksəldir.

Hər iki kamera “Wi-Fi” modulu ilə təchiz edilib və suyun altında 40 metr dərinliyində çəkiliş edə bilir, həmçinin 12 meqapiksel təsvir ölçüsündə foto çəkə bilirlər.

Bu ilin yayında yeni “GoPro HERO+LCD” çıxdı. Sensor ekranla təchiz edilmiş kamera videonun redaktə edilməsi və “Wi-Fi” imkanlarına malikdir.

İyulun 6-da şirkət “GoPro HERO4 Session” ən kiçik, yüngül və rahat “GoPro”-nun çıxışını elan etdi.

 

“Dəli milyarder”

 

Vudman bu günə kimi öz sörfçü obrazından ayrılmayıb, hətta “dəli milyarder” ləqəbini alıb. Hər ay o, sörf-turlar edir, gündə bir neçə “Red Bull” içir və optimizmlə gələcəyə baxmağa davam edir.

“Mənə ciddi qərarlar qəbul etmək lazım olanda, təsəvvür edirəm ki, mənim 90 yaşım var və öz həyatıma geri baxıram. Bu anda həmişə asan qərarlar qəbul etmək olur, peşman olmalı və qorxmalı bir şeyin olmadığını düşünürsən” - Vudman deyir.

Hazırda Vudmanın “GoPro” kameraları o qədər məşhurlaşıb ki, hətta onlardan Hollivudda istifadə etməyə başlayıblar, həmçinin başqa sferalarda - tibdə, müdafiə və sair sahələrdə istifadə olunur. Bu kameralar “Lucasfilm” filmlərinin çəkilişləri vaxtı, həmçinin 2010-cu ildə Çili şaxtaçılarının xilasedici əməliyyatının gedişatında faydalı olub. 2011-ci ildə Vudman nəhayət beş şirkətdən 88 milyon dollar həcmində riskli investisiyaları cəlb edə bilib.

 

 

Cahangir

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email