RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Milli peykimiz kifayət qədər güclü rəqiblərin olduğu peyk yayım bazarında rəqabətədavamlı xidmət göstərir

Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC təsis edildiyi gündən etibarən fəaliyyət göstərdiyi dövr ərzində operatoru olduğu “Azerspace-1” peyki vasitəsilə teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən, eləcə də özəl sektordan olan müştərilərinin birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. Qısa fəaliyyət dövrü ərzində “Azerspace-1” peyki kifayət qədər güclü rəqiblərin olduğu peyk yayım bazarında rəqabətədavamlı xidmət göstərir. “Azerspace-1” peykinin əlverişli orbital mövqedə (46° Şərq uzunluğu) yerləşməsi, “Azərkosmos”un operativliyi və müştəri məmnuniyyəti siyasəti buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa və Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır. Hazırda peyk vasitəsilə Azərbaycan, gürcü, rus dillərində 16-sı yerli olmaqla, ümumi 90 televiziya kanalı, 13 radio kanalı yayımlanmaqdadır.

 

Peyk tutumlarının satış həcminin tədricən artırılması nəzərdə tutulur

 

Peyk xidmətləri bazarında hər bir peykin resurslarının satışının illər ərzində tədricən artdığını nəzərə alaraq, 2,5 illik bir dövr ərzində kommersiya fəaliyyəti göstərən “Azerspace-1” peyki üçün resursların 60 %-nin kommersiya yönümlü istifadədə olması dünya təcrübəsinə əsasən uğurlu bir göstərici hesab edilir. “Azerspace-1” kommersiya fəaliyyətinə başlayandan indiyədək peyk tutumlarından istifadəyə görə “Azərkosmos” ASC-yə təxminən 34 milyon ABŞ dollarına yaxın vəsait daxil olub. Qeyd edək ki, peyk tutumlarının satış həcminin tədricən, ildən-ilə artırılması nəzərdə tutulur.

 

“Azərkosmos” və NSTT arasındakı əməkdaşlıq “Azerspace-1”-in orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edir

 

Şirkət cari ilin may ayında Birləşmiş Ərəb Əmirliklərinin Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionunda aparıcı peyk xidmətləri təklif edən “Network Satellite Technology Trading” (NSTT) şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, NSTT şirkəti “Azerspace-1” peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə - internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edir. İDirect platforması üzərindən təklif olunan peyk xidmətləri Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən şirkətləri etibarlı rabitə ilə təmin edir. “Azərkosmos” və NSTT arasındakı əməkdaşlıq “Azerspace-1” peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edir. Qeyd edək ki, 2002-ci ildə yaradılan NSTT şirkəti dünyanın qabaqcıl kommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətidir.

Bildiyimiz kimi, bu il Azərbaycan Respublikası öz şanlı tarixinə I Avropa Oyunları adlı bir imza atdı. Ölkəmizin ilk peyki olan “Azerspace-1” peyki Birinci Avropa Oyunlarının ən maraqlı anlarının, Avropa Oyunları yarışlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində, Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynadı. Hətta “Azərkosmos” Beynəlxalq İdman Yayım Şirkəti tərəfindən I Avropa Oyunlarının keçirildiyi müddət ərzində peyk xidmətlərinin təmin olunmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanla mükafatlandırılıb.

 

Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peyki

 

Bu ilin oktyabr ayında, Qərargahı Kaliforniyanın Palo Alto şəhərində yerləşən və Kanadanın MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti və “Azərkosmos” ASC arasında Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilməsi üzrə müqavilə imzalanıb. Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° Şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2” regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”-in orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, “Azerspace-2” sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

 

Kosmik sənayenin yaranması və inkişafı sahəsində daha bir nailiyyət

 

Nəticə etibarı ilə ölkəmizdə kosmik sənayenin yaranması və inkişafı sahəsində nailiyyətlər davamlı istiqamətdədir. Keçən il ölkəmiz üçün əlamətdar hadisələrdən biri də sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın “Bakutel 2014” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ölkəmizin peyk operatoru “Azərkosmos”a təhvil verilməsi oldu. Bununla da “Azərkosmos” Geoinformasiya xidmətləri də daxil olmaqla, Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başladı. Bu nailiyyət ölkəmizin mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirdi.

Yer səthinin məsafədən müşahidəsi ölkəmiz üçün yeni bir sahədir. “Azersky” müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. sahələr üçün geniş imkanlar yaradır. Artıq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında ölkə sərhədlərinin monitorinqində peykin imkanlarından istifadəyə dair memorandum imzalanmışdır. Bir sıra dövlət strukturları ilə də peykin xidmətlərindən istifadəyə dair danışıqlar aparılır.

 

“Azərkosmos” “Azersky” peykindən istifadə edərək yeni imkanlar və inkişaf perspektivləri yaratmaq hədəfini qarşıya qoyub

 

Bu xidmətlərin ölkəmizdə istifadəsinə dair məlumatlılıq səviyyəsini qaldırmaq üçün bu il ərzində bir sıra işlər görülüb. Belə ki, “Azersky” peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatı, kadastr və müdafiə və təhlükəsizlik, təbii sərvətlərin idarə edilməsi məqsədləri üçün istifadəsinə həsr olunmuş seminarlar keçirilib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair 27 yanvar 2015-ci il tarixində təşkil edilmiş toplantıda ölkə başçısı İlham Əliyevin verdiyi aidiyyəti tapşırıqlara müvafiq olaraq “Azərkosmos” “Azersky” peykindən istifadə edərək bu sahəyə öz töhfəsini vermək, yeni imkanlar və inkişaf perspektivləri yaratmaq hədəfini qarşıya qoyub. Bu məqsədlə elektron kənd təsərrüfatı sisteminin qurulması üçün “Azərkosmos” Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq edir və layihə məqsədləri üçün “Azersky” peykinin imkanlarından geniş istifadə üzərində işlər gedir. Eyni zamanda, bu ilin may ayında potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda “Azərkosmos”un və peykin istehsalçısı olan Fransanın “Airbus Defence & Space” şirkətinin mütəxəssisləri “Azersky” peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminarda peykin texniki xüsusiyyətləri, peyk təsvirlərinin hərbi məqsədlər üçün praktiki istifadəsi, hərbi xəritəçilik, əməliyyatların coğrafi məkan kəşfiyyat məlumatları ilə təminatı, nəzarəti və monitorinqi və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər.

 

“Torpaq Sahələrinin İdentifikasiya Sistemi” layihəsi çərçivəsində peyk təsvirlərindən istifadə üzrə danışıqlar aparılır

 

Bununla yanaşı, “Torpaq Sahələrinin İdentifikasiya Sistemi” (TSİS) layihəsi çərçivəsində peyk təsvirlərindən istifadə üzrə də danışıqlar aparılır. Ölkə başçısının verdiyi aidiyyəti tapşırıqlara müvafiq olaraq yaradılmış TSİS Azərbaycan e-kənd təsərrüfatı sisteminin tərkib hissəsi olub, kənd təsərrüfatına birbaşa dövlət dəstəyinin idarə olunması və bu dəstəyə nəzarətin həyata keçirilməsi üçün əsas istinad sistemi hesab olunur. Sistemin yaradılmasında 20 177 km2 ərazinin peyk təsvirlərindən istifadə edilməsi qərara alınıb. Bu məqsədlə “Azərkosmos” ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya Müəssisəsi arasında müqavilə imzalanıb və qeyd olunan ərazilərin peyk təsvirləri “Azərkosmos” tərəfindən təmin olunur.

 

Həqiqət İSABALAYEVA

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email