RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

“Bakcell” “Bakutel 2015” sərgisinin iştirakçılarına bir sıra texnoloji yeniliklər nümayiş etdirəcək

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Bakutel 2015” sərgisindəki stendində “4G” LTE texnologiyası daxil olmaqla ən son mobil texnologiyaları və onların imkanlarını, yeni istifadəyə verdiyi “Qoş və Coş” xidməti çərçivəsində “Digitürk” yayımı, ən son texnologiyaya əsaslanan əyləncəni və digər texnoloji yenilikləri nümayiş etdirəcək.

“Bakcell” Azərbaycanda yüksək keyfiyyətli “3G” və “4G” LTE xidmətləri ilə ən geniş və ən keyfiyyətli mobil rabitə şəbəkəsini təmin edir. Şirkət bu məqsədlə şəbəkəsini genişləndirir və baza stansiyalarının sayını sürətlə artırır. Baza stansiyalarının sayındakı artım öz növbəsində şəbəkənin əhatə dairəsini, həcmini və keyfiyyətini artıraraq daha yüksək keyfiyyətli mobil rabitə və internet xidmətini təmin etməyə şərait yaradıb.

Şirkətin İdarə Heyətinin 30 sentyabr 2015-ci il tarixli qərarına əsasən, 2016-cı ilin 1-ci rübündə “Bakcell” şirkətinin super yüksəksürətli LTE xidməti Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək. Beləliklə, “4G” şəbəkəsinin indiki əhatə dairəsi gələn ilin 1-ci rübünə 2.5 dəfə artaraq, Abşeron yarımadasının coğrafi ərazisinin 98.75%-də mövcud olacaq. Rəqəmlərlə ifadə etdikdə bu o deməkdir ki, “Bakcell” şirkəti növbəti 6 ay ərzində əlavə olaraq daha 600 “4G” baza stansiyası quraşdırmaqla Abşeron yarımadasında fəaliyyət göstərən LTE baza stansiyalarının ümumi sayını 1000-ə çatdıracaq və öz rəqiblərini bu göstərici üzrə əhəmiyyətli dərəcədə üstələyəcək. Bu istiqamətdə artıq başlanılmış hazırlıq və quraşdırma işləri 2016-cı ilin 1-ci rübünün sonunadək yekunlaşdırılacaq.

5300-dən artıq baza stansiyası sayəsində “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti öz “Sür@” xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksəksəviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in “3G” xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Sərgi zamanı “Bakcell” mobil rabitə istifadəçilərinə “4G” LTE xidmətinin sürətini və üstünlüklərini mobil cihazlarda sınaqdan keçirmək, eyni zamanda əyləncəli oyunlar vasitəsilə yüksəksürətli interneti hiss etmək imkanı yaradacaq.

“Bakcell” şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan “Digitürk” şirkəti ilə yeni tərəfdaşlığa başlayıb. “Digitürk” ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində “Bakcell” İP və mobil əsaslı xidmətlər üzrə “Digitürk” şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün “Bakcell” müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə, futbol azarkeşləri üçün “LİG TV” kanalını təqdim edir.

“Digitürk”lə tərəfdaşlıq “Qoş və Coş” paketi daxilində ilk xidmətdir. İndi “Bakcell” abunəçiləri yüksəksürətli “4G” LTE xidməti ilə “Digiturk” şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər. “Bakutel 2015” sərgisinin ziyarətçiləri “Bakcell” stendində bu yeni xidmətin işləmə mexanizmi ilə tanış olacaqlar.

“Bakcell” şirkəti gənclərin peşəkarlığının artırılmasını, onlar üçün yeni imkanların yaradılmasını özünün əsas prioritetlərindən biri hesab edir və bu məqsədlə bir çox layihələrə dəstək verir.

Builki sərgidə ziyarətçilərə təqdim olunacaq “Smart Start” təcrübə proqramı və “Applab” layihəsi ilə şirkət gənclərə öz arzularını reallaşdırmaq üçün imkanlar yaradacaq.

Təcrübə proqramları təhsilini yenicə başa vurmuş gənclər üçün çox önəmlidir və onların iş həyatı üçün başlanğıc nöqtəsi rolunu oynayır. “Smart Start” proqramının məzunları öz təcrübələrini başqa maraqlı tərəflərlə bölüşəcək, onları layihədə iştiraka həvəsləndirəcək. “Bakcell” şirkətində iş imkanı axtaran gənclər isə öz tərcümeyi-hallarını burada şirkətin insan resursları departamentinə təqdim edə biləcəklər.

“Bakcell” şirkətinin gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin sentyabr ayında start verdiyi “AppLab” innovativ mobil developer layihəsi və onun uğurları da sərgidə nümayiş olunacaq.

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Ötən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib.

“Bakcell” stendindəki guşələrdən biri də “Taksi 189” xidməti və nəqliyyat vasitələrində “Wi-Fi” sisteminin qoşulmasına həsr olunub.

Qeyd edək ki, sözügedən taksi xidmətindən istifadə edən sərnişinlər pulsuz olaraq “Bakcell”in yüksəksürətli “Wi-Fi” xidmətindən yararlana bilirlər.

Bunun üçün “Bakcell” abunəçiləri “Taksi 189” xidmətinin avtomobillərində “Bakcell” “Wi-Fi” şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən “Bakcell” abunəçisi və ya rouminqdə olarkən “Bakcell” şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.

“Taksi 189” xidməti eyni zamanda “Bakcell”in “Ulduzum” loyallıq proqramının tərəfdaşı və şirkətin ən böyük korporativ abunə- çilərindən biridir.

İlk gündən “Bakutel” sərgisinin iştirakçısı olan “Bakcell” bu sərginin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına təsirini yüksək qiymətləndirir.

“Bakcell” əmindir ki, bu sərgi şirkətlərə öz bizneslərini inkişaf etdirmək və yeni bazarları kəşf etmək üçün xüsusi imkanlar yaradacaq. “Bakutel” sərgisi telekommunikasiya sektoru üçün olduqca əhəmiyyətli bir tədbir olmaqla, indiki və gələcək müştərilərlə birbaşa ünsiyyət qurmaq üçün misilsiz imkanlar yaradır.

 

Aynur Vəliyeva

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email