RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində SPECA-TASİM-CAREC İşçi Qrupunun ilk toplantısı keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nazir müavini Elmir Vəlizadənin sədrliyi ilə Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılmış SPECA-TASİM-CAREC İşçi Qrupunun birinci toplantısı keçirilib.

İqtisadiyyat və Sənaye, Maliyyə, Xarici İşlər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin nümayəndələrindən ibarət İşçi Qrupun iclasında Elmir Vəlizadə “Trans Avrasiya Super İnformasiya Magistralı”nın (TASİM) region üçün vacibliyindən danışaraq, layihənin 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs olduğunu vurğulayıb.

Nazir müavini layihənin beynəlxalq aləmdə böyük maraq doğurduğunu, bu maraqdan irəli gələrək, BMT Baş Assambleyasının 21 dekabr 2009-cu il tarixli və 21 dekabr 2012-ci tarixli 64 və 66-cı sessiyalarında BMT üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə TASİM layihəsi ilə əlaqədar qətnamələrin, 4 sentyabr 2013-cü il tarixində isə BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən Avrasiya rabitə alyansının təsis edilməsi üzrə təklifin dəstəklənməsi barəsində qətnamənin qəbul edildiyini nəzərə çatdırıb.

Beynəlxalq miqyasda böyük dəstək qazanmış layihə üzrə gələcək fəaliyyət planına da aydınlıq gətirən E.Vəlizadə bu istiqamətdə SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq layihəsi) ilə əməkdaşlığın genişləndirilməsini vacib sayıb.

Daha sonra TASİM layihəsi katibliyinin rəhbəri Zaur Həsənov layihə barədə geniş təqdimatla çıxış edib, layihənin icra vəziyyəti ilə bağlı İşçi Qrupun üzvlərini məlumatlandırıb. Qeyd edilib ki, Asiya ilə Avropa arasında informasiya tranziti üçün xidmət edəcək TASİM regionda rəqəmli fərqliliyin aradan qaldırılmasında yeni imkanlar açacaq, bununla da region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək. Təqdimatdan sonra görüş layihə ətrafında müzakirələrlə davam etdirilib, iştirakçılar SPECA-TASİM-CAREC təşəbbüsü ilə bağlı baxışlarını paylaşıblar.

Toplantıda, həmçinin İşçi Qrupun (İQ) rəsmiləri müəyyənləşdirilib, o cümlədən İQ-ə sədrlik rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadəyə həvalə olunub.

Görüşün sonunda SPECA-TASİM-CAREC təşəbbüsünə dair Fəaliyyət Planının hazırlanması və qarşıdakı tədbirlərdə təşviqi, eyni zamanda təşəbbüsə dair müvafiq konsepsiyanın hazırlanması, qeyd edilən məsələlərin İşçi Qrupunun növbəti toplantısında yenidən müzakirəyə çıxarılması qərara alınıb.

 

H.İSABALAYEVA

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email