RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Mərkəzi Bank 2016-cı ilin birinci aylarında Kart Ödənişləri üzrə Milli Şəbəkəni istismara verəcək

Layihə ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə xidmət haqlarının aşağı salınmasına imkan yaradacaq

 

Sözün yaxşı mənasında, bütün sahələri “zəbt edən” informasiya texnologiyaları maliyyə bazarlarında da tutduğu mövqeyini dərinləşdirməkdədir. Bunu Mərkəzi Bankın apardığı “Nağd pul istifadəsi: ölkə təcrübələrinin müqayisəsi əsasında” adlı araşdırma da təsdiqləyir. Mövzu ilə bağlı “Rabitə dünyası”nın suallarını cavablandıran Mərkəzi Bankdan Azərbaycanda həyata keçirilən işlər haqda da geniş məlumat verilib.

 

Ötən onilliklər ərzində informasiya texnologiyalarında və maliyyə bazarlarındakı innovasiyalar nəticəsində elektron ödəniş sistemləri genişlənib

 

İlk olaraq qeyd olunur ki, ötən onilliklər ərzində informasiya texnologiyalarında və maliyyə bazarlarındakı innovasiyalar nəticəsində elektron ödəniş sistemləri genişlənib. Avropa Mərkəzi Bankının ekspertləri tərəfindən aparılan tədqiqat işi çərçivəsində 2009-2012-ci illər ərzində 7 ölkədə (Avstraliya, Avstriya, Kanada, Fransa, Almaniya və Niderland) keçirilən sorğunun nəticəsinə uyğun olaraq nağd pul istifadəsi ölkələr üzrə fərqlənir. Xüsusilə aşağı dəyəri olan əməliyyatlar üçün nağd pul istifadəsi böyük üstünlük təşkil edir. Bundan əlavə, nağd pul istifadəsi ilə əməliyyatın ölçüsü, demoqrafiya, ödəmə məntəqəsinin xarakteristikası arasında da korrelyasiya olduğu müəyyən edilib. Adı çəkilən ölkələrdə nağd pulun nominal ÜDM-ə nisbəti 1980-90-cı illərdə azalsa da, daha sonra sabitləşib və hətta artıb. Bu ölkələrdə nağd pulun ödəniş əməliyyatlarının sayındakı payı 46-82% arasında dəyişir.

 

İstehlakçının təhsil səviyyəsi və gəliri artdıqca nağd pul istifadəsinin azaldığı müşahidə olunur

 

MB-dan qeyd olunur ki, ilk baxışdan nağd pulun istifadəsi ilə istehlakçının nağd pul balansı arasında əlaqə gözə dəyir. Avstriya və Almaniya istehlakçıları digər ölkələrə nisbətən daha böyük nağd balansa sahibdirlər. Məhz bu iki ölkə nağd puldan daha geniş istifadə edir. Lakin nağd pul balansı çox olduğuna görə nağd pulun geniş istifadə olunduğunu və yaxud nağd pula ehtiyac olduğu üçün pul balansının böyük olduğunu demək çətindir. İstehlakçının təhsil səviyyəsi və gəliri artdıqca nağd pul istifadəsinin azaldığı müşahidə olunur.

 

Kartları əldə etmək müəyyən xərc tələb edirsə...

 

İstehlakçının yaş kateqoriyası isə nağd pul istifadəsi ilə eyni istiqamətlidir. Daha böyük yaş qrupuna aid istehlakçılar nağd puldan daha çox istifadə edirlər. Belə güman etmək olar ki, istehlakçılar nağd puldan başqa seçimi olmadıqda istifadə edirlər. Məsələn, kartlar bir çox yerlərdə qəbul olunmur və yaxud onları əldə etmək müəyyən xərc tələb edir.

 

İstehlakçılar elektron kartlara sahib olsalar da, nağd puldan geniş istifadə edirlər

 

Burada təhlükəsizlik və istifadə rahatlığı da rol oynayır. Lakin sorğu nəticəsində müəyyən olunub ki, nağd pul istifadəçiləri nağd pulu alternativləri olmadığına görə yox, nağd pulu kredit və debit kartlara nisbətən daha keçərli, daha asan istifadə olunan hesab etdikləri üçün istifadə edirlər. Adı çəkilən ölkələrdə istehlakçıların, demək olar, hamısı elektron karta sahibdir. Bu ölkələrdən ən aşağı göstəriciyə Avstriya sahibdir (86%). Bu da onu göstərir ki, istehlakçılar elektron kartlara sahib olsalar da, nağd puldan geniş istifadə edirlər.

 

Kartların hər yerdə qəbul olunmaması da nağd pul istifadəsini artıran faktorlardan biridir

 

Lakin kartların hər yerdə qəbul olunmaması da nağd pul istifadəsini artıran faktorlardan biridir. Araşdırmaya əsasən, əgər kartlar hər yerdə qəbul olunsaydı, bu, kiçik həcmli ödəniş əməliyyatlarında kart istifadəsini yalnız 10 faiz artırardı, böyük həcmli əməliyyatlarda da kart istifadəsi artardı. Lakin bu ölkələr üzrə fərqli olardı. Məsələn, təkcə Almaniya və Avstriyada iri həcmli əməliyyatlarda kart istifadəsi artardı. Hollandiyada bu göstərici dəyişməzdi, çünki hal-hazırda da kartlar geniş istifadə olunur. Kanadada isə həm kiçik, həm də böyük həcmli əməliyyatlarda kart istifadəsi artardı. Ümumilikdə, nağd pul istifadəsinin hələ də ödəniş əməliyyatlarında, xüsusən, kiçik əməliyyatlarda əhəmiyyətli yer tutduğunu görürük. Avstriya və Almaniya kimi ölkələrdə isə nağd pul hətta dominantlıq edir.

 

Azərbaycanda ödəniş kartı istifadəçilərinin sayı 5,3 milyon nəfərdir

 

Azərbaycana gəlincə, Mərkəzi Bankdan qeyd edilir ki, 01.07.2015-ci il tarixinə ölkəmizdə ödəniş kartı istifadəçilərinin sayı 5,3 milyon nəfərdir. Bəs respublikada ödəniş kartlarından istifadə vəziyyəti haqqında nə demək olar? Bankdan bildirilir ki, 2015-ci ilin ilk altı ayı ərzində ödəniş kartları ilə aparılan əməliyyatların sayı 38,7 milyon ədəd, həcmi 5,7 milyard manat təşkil edib. Keçən ilin müvafiq dövrünə nisbətən ödəniş kartları ilə aparılan əməliyyatların sayı 10,5%, əməliyyatların həcmi isə 9,1% artıb.

 

Elektron ödəniş alətlərindən istifadənin kütləviləşdirilməsi istiqamətində MB müxtəlif tədbirlər həyata keçirir

 

2015-ci ilin ilk altı ayı ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış nağdsız ödənişlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 29,6% artıb. Bununla yanaşı, bu gün Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi, elektron ödəniş alətlərindən istifadənin kütləviləşdirilməsi istiqamətində davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir.

 

“2015-2020-ci illərdə Azərbaycan Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Dövlət Proqramı” layihəsi hökumətə təqdim olunub

 

Ölkədə yüksək ödəniş mədəniyyətinə malik olan cəmiyyətin formalaşdırılması, hesablaşmalarda nağdsız ödənişlər üzrə dövriyyənin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, elektron ödəniş xidmətlərinin institusional və hüquqi bazasının daha da gücləndirilməsi, habelə bu xidmətlərin çeşidinin və istifadəsinin kütləviləşdirilməsi məqsədi ilə “2015-2020-ci illərdə Azərbaycan Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Dövlət Proqramı” layihəsi hazırlanaraq hökumətə təqdim olunub.

 

“Ödəniş xidmətləri haqqında” qanun layihəsi üzrə isə aidiyyəti qurumların yekun rəyləri toplanılır

 

Həmçinin Azərbaycanda ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, ödəniş bazarında rəqabət mühitinin gücləndirilməsi və ödəniş xidməti istifadəçilərinin müdafiəsinin artırılması, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb. Hazırda qanun layihəsi üzrə aidiyyəti qurumların yekun rəyləri toplanılır.

 

Ödəniş kartları ilə aparılan əməliyyatların effektivliyinin yüksəldilməsi, kart infrastrukturunun fəaliyyətinin təhlükəsizliyinin artırılması üzrə işlər intensivləşir

 

Hal-hazırda Mərkəzi Bank tərəfindən ölkədə ödəniş kartları ilə aparılan əməliyyatların effektivliyinin yüksəldilməsi, kart infrastrukturunun fəaliyyətinin təhlükəsizliyinin artırılması məqsədilə Kart Ödənişləri üzrə Milli Şəbəkənin yaradılması layihəsi həyata keçirilir. 2016-cı ilin birinci aylarında istismara veriləcək bu layihə ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə xidmət haqlarının aşağı salınması imkanını yaradacaq.

Mərkəzi Bankdan o da qeyd edilir ki, hazırda bank və beynəlxalq kart təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində ölkədə ödəniş kartlarından istifadənin stimullaşdırılması və kart istifadəçilərinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Həqiqət İSABALAYEVA

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email