RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Azərbaycanda rabitənin yaranmasından 134 il ötür

Dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.

Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdi.

Heç təsadüfi deyil ki, bəşəriyyət yarandıqdan insanlar bir-birləri ilə rabitə yaratmaq üçün müxtəlif üsullardan istifadə ediblər. Azərbaycan da dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri kimi bu sahədə istisna olmayıb, lakin qədim dövrlərin özünəməxsus rabitə vasitələri olub. Belə ki, tarixçi alimlərin əlyazmalarına əsasən, o vaxtlar insanlar səs, işıq, telepatiya və göyərçinlərdən istifadə ediblər. Daha qədim tarixə nəzər salsaq görərik ki, Qobustanın qayaüstü rəsmləri ilə yanaşı, ən nadir abidələrdən biri olan Qavaldaş da qədim rabitə vasitələrindən biri olub. Dövlət səviyyəsində poçtun əsası isə 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulub. Tarix boyu rabitə əlaqələri müxtəlif qasidlər, çaparlar, dəvə karvanları və s. formada mövcud olub. Azərbaycan ərazisindən keçən və türk, islam dünyasının inkişafına müsbət təsir edən İpək yolunun rabitə kommunikasiyalarının inkişafında böyük təkanverici rolu olub.

Bu gün artıq Azərbaycan ərazisindən “EPEG” (Europe Persia Express Gateway) kimi nəhəng fiber-optik kabel magistralı keçir. Frankfurtla Maskatı, Şərqi Avropa, Rusiya, Azərbaycan, İran və Fars Körfəzindən keçərək birləşdirən magistral 3,2 Tbit/s ötürmə qabiliyyətinə malikdir. Bundan başqa, Azərbaycanın 2008-ci ildə çıxış etdiyi təşəbbüs ilə tikilməsi nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” da (TASİM) öz növbəsində Qərbi Avropadan, Cənub Şərqi Asiyayadək Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik magistraldır. Bu layihə dünyanın 20 ölkəsini birləşdirməlidir və onun əsas məqsədi Qərbi Avropa ilə Sakit Okean hövzəsi arasında “rəqəmli fərq”in qarşısını almaq, yoxsulluğun səviyyəsinin azaldılması, iqtisadiyyatın artımının sürətləndirilməsi və Xəzərətrafı regionun inkişafında lokomotiv rolunu oynamaqdır. İllər, əsrlər ötür və Azərbaycan regionda tutduğu mövqelərini möhkəmləndirməkdə davam edir.

 

Dünyada ilk telefonun yaranma tarixi

 

Dünyada 19-20-ci əsrlərin keçidində elektrotexnika sahəsinin bir hissəsi olan elektrik rabitəsi sürətlə inkişaf edib. Simli teleqraf bu dövrdə müxtəlif təkmilləşmələrə uğrayır və 1855-ci ildə ingilis ixtiraçısı D.E. Yuz hərf çap edən aparat icad edir. Bu qurğu geniş istifadə edilir və məhz bu da, bizim istifadə etdiyimiz müasir rabitənin prototipi olub. Lakin teleqraf mübadiləsi artdıqca teleqrafçıların imkanlarının məhdudluğu problemi ortaya çıxır və artıq əl əməyinin mexanizmlərlə əvəz edilməsinə ehtiyac yaranır. Bu problem ingilis ixtiraçısı Ç.Uitston tərəfindən 1858-ci ildə həll edilir. Ç.Uitston kağız lentdə deşik vuran perfomator yaratmaqla Morze əlifbasına uyğun şəkildə teleqram çap edir. Həmin il ixtiraçı ötürücü də yaradır, 1867-ci ildə isə o, teleqraf qəbuledicisi yaratmaqla sistem üzərində işlərini başa vurmuş olur.

Daha sonra Stiris 1871-ci ildə differensial dupleks teleqrafыны yaradır və bu qurğu iki məntəqə arasında eyni zamanda teleqramların ötürülməsi və qəbulunu mümkün edir.

İlk telefon isə simli teleqrafın təkmilləşməsi nəticəsində 19-cu əsrin sonunda İ.F. Rayen (Reys kimi də tanınır) tərəfindən 1860-cı illərin əvvəllərində yaradılır, lakin praktiki nöqteyi-nəzərdən istifadə edilmir.

Praktiki istifadə üçün yararlı olan telefon aparatları amerikalı ixtiraçılar İ. Qrey və A.Q. Bell tərəfindən 1876-cı il fevralın 14-də yaradılıb, lakin Qrey patent üçün müraciəti 2 saat daha gec təqdim etdiyindən, patent Bellə verilib.

Bu gün istismar edilən Avtomatik Telefon Stansiyalarının (ATS) sələfi “özü fəaliyyət göstərən mərkəzi kommutator”u rusiyalı ixtiraçı K. A. Mostitski tərəfindən 1887-ci ildə yaradılıb, 1889-cu ildə isə amerikalı ixtiraçı A.B. Strouncer ATS üçün patent alıb.

Telefon şəbəkələrinin ən intensiv inkişaf dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edib. Şəhər daxilində rabitə hava telefon şəbəkələri simləri üzərindən və yeraltı kabellər üzərindən həyata keçirilirdi. Ən uzun telefon xətləri Paris-Brüssel (320 km), Paris-London (498 km) və 1898-ci ildə çəkilmiş Moskva-Peterburq (660 km) olub.

 

Azərbaycanda ilk telefon rabitəsinin yaranma tarixi

 

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda telefon xəttinin yaradılması “Nobel qardaşları”nın adı ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti ilk telefon xətti çəkdirib.

Moskva-Peterburq xəttinin çəkilməsindən sonra, 1904-cü ildə 200 nömrəlik MB sistemli stansiyalar Bakının şeçmə, mötəbər sakinlərinə xidmət göstərməyə başlayıb. 1910-cu ildə Qubada kiçik telefon xətti çəkilib, 1914-cü ildə isə Gəncədə də telefon stansiyası fəaliyyətə başlayıb və 1920-ci ilədək Azərbaycanda beş telefon stansiyası xidmət göstərib. 1920-ci ildə Azərbaycanda poçt, teleqraf və telefon rabitəsi ilə bağlı 50 müəssisə fəaliyyətdə olub.

1886-cı il mayın 26-da Bakıda ilk mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin yaradılması və 20 illik müddətə istismara verilməsi barədə Baş Poçt və Teleqraf İdarəsi ilə Moskvanın I dərəcəli taciri Qustav İvanoviç List arasında müqavilə bağlanılıb. Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 40 telefon istifadəçisi olub.

Daha sonra İkinci Dünya müharibəsinin başlanması rabitə sahəsində xeyli canlanma yaradır. Müharibə və sonrakı quruculuq illərində Azərbaycanda rabitə xidməti xeyli inkişaf edir, bu, həm texniki təchizat, həm də kadrların peşəkarlığı ilə təmin edilir.

Yeni tarixə nəzər salsaq görərik ki, 1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmayaraq, ölkənin digər bölgələrini də əhatə edir. Azərbaycan Rabitə Nazirliyinin 1974-1980-ci illərdə öhdəsinə ümumi gücü 164,4 min nömrəlik ATS-lərin tikintisi və montajı məsələləri qoyulur, bununla əlaqədar qurumda yeni ATS-lərin tikintisi və istismara verilməsi planı təsdiq edilir və rabitənin bu sahəsində yeni nailiyyətlər əldə edilir.

Azərbaycanda 1988-ci ildən 1993-cü ilədək Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları nəticəsində yaranmış böhran şəraitində iqtisadi tənəzzül, inflyasiya və s. problemlər ölkənin inkişafına maneələr törətdi.

Nəhayət, 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə sabitlik yarandı və iqtisadi islahatların keçirilməsinə başlanıldı. Məhz bu dövrdə Rabitə Nazirliyinin və onun müəssisələrinin mütəxəssislərindən ibarət rabitəçilər ordusu mütərəqqi texniki siyasət xətti tutdu. İlk növbədə Türkiyə, ABŞ, İngiltərə və digər xarici ölkələrin telekommunikasiya şirkətləri, mütəxəssisləri və elmi-texniki araşdırmaları ilə tanış olaraq əməkdaşlıq qurdular. Nəticə olaraq çox qısa bir zamanda müstəqil Azərbaycan “Eutelsat”, “İntelsat”, Beynəlxalq Telekommunikasiya İttifaqına üzv oldu. Ölkəmiz beynəlxalq rabitə operatoru kimi özünəməxsus “994” kodunu aldı.

1993-cü il iyulun 28-də London-Bakı Peyk Rabitə Sisteminın, 1996-cı il mayın 10-da “AzEuroTel” birgə müəssisəsi tərəfindən 92/97 nömrəli daha geniş imkanlara malik olan Elektron ATS-in açılışı olub, Türkiyənin “Netaş” şirkəti ilə birgə “Ultel” şirkəti işə başlayıb. “Netaş” və “Teletaş” şirkətləri ilə əməkdaşlıq çərçivəsində birləşdirici xətlər vasitəsi ilə sabit telefon şəbəkəsinin işinin keyfiyyəti 50-60 faiz artıb.

1994-1996-cı illərdə, ölkədə ilk iki mobil rabitə operatoru fəaliyyətə başladı - “Bakcell” və “Azercell Telekom”. Yeni şirkətlər ölkə rabitəsində o dövrdə dönüş yaratdılar. Daha bir irimiqyaslı, önəmli layihəmiz “Trans-Asiya-Avropa” fiber-optik kabel magistralının tikintisi layihəsi oldu, hansı ki, məhz o dövrdə təsdiq edildi, lakin onun həyata keçirilməsi, artıq 1990-cı illərin sonuna təsadüf etdi və bu layihənin Xəzər dənizaltı seqmenti bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə irəli sürülən TASİM layihəsinin bir hissəsidir.

Növbəti, 1998-2003-cü illəri əhatə edən dövr də əsasən ATS-lərin yenilənməsi dövrü kimi yadda qaldı. Bakıda 40/41, 30/31, 50, 54, 56, 21/22, 27, 32 və digər indekslərlə işləyən, Bakı ətrafındakı bütün yaşayış məntəqələrində, Gəncə, Mingəçevir, Bərdə, Yevlax, Quba, Qusar, Dəvəçi, Şəki, Qax, Oğuz, Lənkəran və digər rayonlarda elektron tipli müasir ATS-lər tikilib istifadəyə verilir, Naxçıvan Muxtar Respublikası tam olaraq telefonlaşdırılır, Azərbaycanın bütün yaşayış məntəqələri ən azı bir telefonla təmin olunur. 1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırılır. Bakı ətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırılır, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunur, ölkənin bütün ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradılır, telefon rabitəsi şəbəkəsində stansiyalararası rabitənin 80 faizi rəqəmli formada təşkil edilir.

Hazırda Azərbaycanda artıq sabit telefon şəbəkəsi tam olaraq elektronlaşdırılıb, mobil şəbəkədə isə ən müasir “3G”, “4G” texnologiyaları üzərində işləyən şəbəkələrin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər aparılır. Bu gün Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə prezidentinin daim nəzarəti və diqqəti nəticəsində rabitənin inkişafının tam yeni mərhələsinə qədəm qoyub. Telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ildən-ilə artır. Beynəlxalq telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100%-li “3G” şəbəkəsi əhatə edilən 40 ölkə sırasındadır.

Bütün bunlar, ölkədə inkişaf edən onlayn televiziya xidmətlərindən istifadə etməyə, e-sənəd mübadiləsini həyata keçirməyə, tele-tibb xidmətlərindən yararlanmaq üçün əsas təşkil edən bir infrastrukturun formalaşmasının göstəricisidir.

Azərbaycanın ən yaxın zamanda beynəlxalq əhəmiyyətli regional İT mərkəzə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən münbit şərait yaradılır.

 

Aynur Vəliyeva

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email