RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Azərbaycan iqtisadi qüdrətinin artırılması yolunda inamla irəliləyir

Son illərin müşahidələri qlobal məkanın ümumi iqtisadi tənəzzülə doğru getdiyini, ölkələrin dərin iqtisadi və maliyyə böhranı ilə üz-üzə qaldığını göstərir. Dünya iqtisadiyyatında cərəyan edən bu kimi böhran meyilləri və onların mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı əzm və məharətlə dayanıqlığını nümayiş etdirir, davamlı iqtisadi inkişaf, eləcə də bu inkişafın başlıca amillərindən olan sabitliyin möhkəmləndirilməsi yolunda dinamik tərəqqi yaşanan ölkə kimi irəliləyir. Bu gün milli iqtisadiyyatımız öz inkişaf xəttini ümummilli lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” müdrik kəlamına əsaslanaraq davam etdirir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin inkişaf strategiyasında da Azərbaycanın iqtisadi qüdrətinin artırılması, bu iqtisadiyyatın davamlı və dayanıqlı, eyni zamanda tarazlı inkişafının təmin edilməsi diqqət mərkəzində olan ən mühüm məsələlərdəndir.

 

Ölkəmiz keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoyub

 

Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların rifah halının yüksəldilməsinə və firavan həyatının təmin edilməsinə hesablanan, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilən qlobal, genişmiqyaslı iqtisadi siyasət, çevik və qətiyyətli institusional islahatlar nəticəsində keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Aparılan uğurlu islahatlar və həyata keçirilən irimiqyaslı layihələr nəticəsində cari ilin ötən dövrü ərzində də iqtisadi və sosial-siyasi sahələrdə dinamik inkişafa, həmçinin siyasi və makroiqtisadi sabitliyə nail olunub. Hesabat dövründə ümumi daxili məhsul artımı 3.7 faiz, qeyri-neft sektorunun real artım tempi 6.4 faiz təşkil edib, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68.8 faizə çatıb. Doqquz ayda dövlət büdcəsinin mədaxili 12.1 milyard manat və ya proqnozun 99,6 faizi, xərcləri isə 11.7 milyard manat və ya proqnozun 74,3 faizi səviyyəsində olub. Bu müddətdə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 11.8 milyard manat əsas kapitala investisiya yönəldilib və Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər davam etdirilib. Sənayeləşmə siyasəti çərçivəsində müvafiq Dövlət Proqramına uyğun olaraq, 9 ayda müasir sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub.

Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, ölkəmiz iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə 40-cı yerdədir.

“Fitch” reytinq agentliyi Azərbaycana iqtisadi sahədə 3B investisiya reytinqi verib. Bu reytinq çox yüksək nəticə kimi xarakterizə olunur.

 

Uğurlu məşğulluq siyasəti: cari ilin 9 ayında 87 min yeni iş yeri yaradılıb

 

“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana və cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda ölkə başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır, özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsi davam etdirilir, həmçinin ilin sonunadək 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Yaradılan bu şərait, həmçinin aparılan uğurlu məşğulluq siyasətinin nəticəsində yanvar-avqust ayları ərzində 87 min yeni iş yeri açılıb ki, onlardan da 67 mini daimi iş yeridir.

 

Ölkənin hərtərəfli inkişafında İKT-nin xüsusi çəkisi ilbəil artır

 

Bütün sahələrdə nəzərəçarpan iqtisadi artım templəri informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda da nümayiş olunub. Bu gün dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru ölkə iqtisadiyyatının digər sahələrinin sürətli artımında da aparıcı rola malikdir. Təsadüfi deyil ki, bu sahənin ümumilikdə ölkənin hərtərəfli inkişafında xüsusi çəkisi ilbəil artır. Təkcə cari ilə nəzər salsaq, cari ilin ютян dövründə sektorun ÜDM-də payı 2.1%, qeyri-neft sektorunda isə 3.0% təşkil edib. Sektorda əldə olunan gəlirlərin 81.1%-i özəl sektorun payına düşüb. Hesabat dövründə informasiya cəmiyyətinin inkişafı, e-hökumət həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində “Elektron hökumət” portalına 35 yeni e-xidmət inteqrasiya olunmaqla portalda olan xidmətlərin sayı 432-yə çatdırılıb. Bunlardan 340-ı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (455 xidmət təsdiq olunub) xidmətlərdəndir. Portala 3 yeni qurum qoşulub və inteqrasiya olunmuş qurumların sayı 50-yə çatıb. 1 oktyabr tarixinə portala 2,5 milyon nəfər daxil olmuşdur. 16.2 milyon dəfə e-xidmətdən istifadə etmişdir. Hesabat dövründə 772 ədəd yeni e-imza sertifikatı verilmiş və ümumi e-imzaların sayı 36 351-ə çatdırılıb. Həmçinin, Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 179 011 ədədə e-imza verilib. Cari ilin əvvəlində Açıq Hökumət Məlumatları - E-Göv 3 mərhələsinə start verilib və s.

 

İKT əsaslı yeni iqtisadi modelin meydana gəlməsi zərurətə çevrilir

 

Ümumiyyətlə, hazırda dünyada yeni sosial-iqtisadi paradiqma kimi meydana gələn davamlı inkişafın özündə əks etdirdiyi üç əsas baxışın birincisi məhz iqtisadi sahədir. Bu inkişafın təmin edilməsi məqsədilə indiyə qədər qlobal miqyasda təqdim olunan və irəli sürülən konseptual sxemlərin, iqtisadi modellərin hər birində informasiya-kommunikasiya texnologiyalarının (İKT) qlobal iqtisadiyyatda artan çəkisi və sahənin gələcək iqtisadi inkişafda payının daha da yüksələcəyi vurğulanır. Bu baxımdan, Azərbaycan iqtisadiyyatının inkişafı ilk növbədə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunan İKT əsaslı yeni iqtisadi modelin meydana gəlməsini, iqtisadi artımın yeni keyfiyyətini təmin edən biliyə əsaslanan iqtisadiyyata keçidin sürətləndirilməsini zərurətə çevirir.

 

Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş birinci və yeganə dövlət

 

Bu amil əsas götürülərək, İKT sahəsinin prioritet istiqamət kimi önə çəkilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş (2003-cü il) birinci və yeganə dövlətdir, ümumilikdə isə dünya üzrə birincilər sırasında olub.

Bu gün isə artıq növbəti illər üçün sahə üzrə inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”ya malikdir.

 

Qlobal layihələrlə dünyanın informasiya dəhlizinə çevrilən əsas tranzit ölkə

 

Azərbaycan həm də beynəlxalq aləmdə regional təşəbbüslərə dəstək verən və transmilli layihələrdə iştirak edən əsas ölkələrdəndir. Təsadüfi deyil ki, BMT Baş Assambleyasının 67-ci sessiyasında məhz Azərbaycan tərəfindən irəli sürülən təklif dəstəklənərək, “Avrasiya Rabitə Alyansı” (“Eurasian Connectivity Alliance”- EuraCA) yaradılıb. “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) kimi layihələrin daxil olduğu bu alyans - “EuraCA”-nın fəaliyyəti “TASİM” kimi vacib regional təşəbbüslərin, böyük layihələrin sayının daha da artacağını düşünməyə əsas verir.

Ölkəmizi informasiya dəhlizinə çevirən növbəti layihə “EPEG” - (“Europe Persia Express Gateway”) “Avropa-Yaxın Şərq İnformasiya Magistralı”dır. Layihə sayəsində Frankfurt şəhərindən Omana qədər çox böyük tutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcək ki, respublikamız burada tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilib.

 

İKT-yə əlçatanlığın təmin edilməsi qlobal məkanda ölkələrin iqtisadi inkişafını təyin edən başlıca kriterilərə daxil edilib

 

Ümumiyyətlə, bu gün İKT-yə əlçatanlığın təmin edilməsi qlobal məkanda ölkələrin iqtisadi inkişafını müəyyənləşdirən başlıca kriterilərə daxil edilib. Bu baxımdan, internet və digər müasir texnologiyalardan istifadə səviyyəsinin artımına nail olunması hər bir ölkənin qarşıya qoyduğu mühüm vəzifələrdə yer alıb. Təsadüfi deyil ki, müxtəlif səbəblər üzündən internet məhdudiyyətini tətbiq edən, qoyulan senzura ilə insanların virtual mühitə çıxışını məhdudlaşdıran ölkələrdən fərqli olaraq, bu gün Azərbaycan həm də dünyada azad, demokratik, müstəqil internet məkanını təmin edən əsas ölkələrdən biri kimi diqqət çəkir. İnternetdən azad istifadə edilməsinə yaradılan şəraitin nəticəsi olaraq, bu gün ölkəmizdə sosial şəbəkə istifadəçilərinin sayı artım dinamikası ilə irəliləyir.

 

İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır

 

Bu gün ölkə üzrə əhalinin 75%-i internet, 65%-i isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin, ev təsərrüfatlarının 58.3%-də kompüter var və ev təsərrüfatlarının 75.2%-nin internetə çıxışı var. Evdə əhali internetə 70.6% genişzolaqlı xətlə, 25.4% mobil telefonla, yalnız 3.7% modem (dial-up) vasitəsi ilə qoşulur. Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dil-up qoşulma isə 13 dəfə azalıb. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

 

Ölkə 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 22.7%, mobil abunəçilərin sayına görə 17.0% üstələyir

 

Həmçinin hazırda respublikada hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir. Ölkəmiz 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 22.7% (dünya orta göstəricisi 15.2 ədəd), mobil abunəçilərin sayına görə isə 17.0% (mobildə dünya orta göstəricisi 96.1 ədəd) üstələyir. Azərbaycanda əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığının nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 Gb/s artırılaraq 330 Gbit/s-ə çatdırılıb.

 

Dünyada peyki olan 50-yə yaxın və Avropada peyki olan 20-yə yaxın ölkələr sırasında yer alan Azərbaycan

 

Eyni zamanda, bu gün ölkələrin iqtisadi qüdrətinin təyinedici amilləri orbitdə yer alan peyklərlə ölçülür. Bu baxımdan, beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda kosmik sahədə lider ölkəyə çevrilib. Kosmik sənaye klubunun üzvünə çevrilmək məqsədini reallaşdırmağa nail olan Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”-in, Yer səthinin məsafədən müşahidə peyki - “Azersky”-ın orbitə çıxarılması iqtisadiyyatın diversifikasiyası, informasiya müstəqilliyi və təhlükəsizliyinin təmin olunması, yeni iqtisadi sahə kimi meydana gələn kosmik sənayenin inkişaf etdirilməsində çox mühüm addım sayılır. Həmçinin informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində yeni peyklərin hazırlanması və orbitə çıxarılması layihələri üzərində aparılan işlər müvəffəqiyyətlə davam etdirilir. Milli peyklərin orbitə çıxarılması onun yaratdığı texniki imkanlarla yanaşı, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasına da səbəb olub. Bu gün kosmik sənaye sahəsində inamla irəliləyən və bu sahədə xüsusi nailiyyətlərə imza atan Azərbaycan hazırda dünyada peyki olan 50-yə yaxın, Avropada isə 20-yə yaxın ölkə sırasındadır.

 

Regionun ilk Tier III səviyyəli DATA mərkəzi respublikamızı tranzit informasiya HAB-ına çevirəcək

 

Azərbaycanın Şərqlə Qərb arasında tranzit informasiya HAB-ına çevrilməsi bu sahədə imkanları bir qədər də artıracaq. Ölkəmizin regional İT mərkəzinə çevrilməsi isə yalnız Azərbaycanda deyil, ümumiyyətlə regionda yaradılmış ilk Tier III səviyyəli regional DATA mərkəzinin (Məlumatların Emalı və Saxlanılması Mərkəzi) hesabına gerçəkləşəcək. Artıq fəaliyyətə hazır olan bu mərkəzin istismara verilməsi informasiya texnologiyaları sahəsində Azərbaycanda baş verən ən mühüm hadisələrdən olacaq. Mərkəzin ümumi sahəsi 1000 km2, ümumi enerji istifadəsi 2 MVt-dır, məlumatların saxlama həcmi 30 petabayt, ötürülmə sürəti isə 10-100 GE təşkil edəcək. Gələcəkdə infrastrukturun daha da genişləndirilməsi və yeni telekommunikasiya rəflərinin əlavə edilməsi də nəzərə alınıb.

 

İlk növbədə ölkəmizdə İKT sahəsinin artan xətlə inkişafı zərurətindən qurulan DATA mərkəzin iş fəaliyyətinin 100 faizlik əmsal üzrə 99,982% etibarlılığı təmin olunacaq. Mərkəzin fəaliyyəti regional bazarda marağı olan beynəlxalq operatorlar üçün səmərəli şərait yaradacaq, bütün dünya operatorlarının Azərbaycan bazarına cəlbinə xidmət edəcək, dünya üzrə iri İT xidmətləri provayderlərinin Azərbaycanın Data Mərkəzində öz infrastrukturunun yaradılmasına Müsbət təsir edəcək və s. Ümumiyyətlə, belə bir infrastrukturun yaradılması Azərbaycanın gələcəkdə İKT sahəsində regional liderə çevrilməsinə hesablanıb və buna xidmət edir.

 

Azərbaycanın nailiyyətlərinə beynəlxalq baxış - reytinqlərdə pillə-pillə irəli

 

Ölkəmizin ümumi inkişaf tendensiyası, o cümlədən iqtisadi göstəricilərin dinamikasında artan müsbət meyillər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yaxından izlənilir və bu, ölkəmizin qlobal reytinq cədvəllərində ilbəil ön sıralarda dayanması ilə diqqət çəkir. Məsələn, Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qoruyub, “G-20”-yə üzv olan 8 ölkəni qabaqlamağa müvəffəq olub.

 

Ölkəmiz “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub

 

Eyni zamanda Azərbaycan “Doing Business 2016” hesabatında da 17 pillə irəliləyərək, 80-ci pillədən 63-cü pilləyə yüksəlib, hesabatda əksər göstəricilər üzrə ölkəmizin mövqeyi yaxşılaşıb. Hesabatda Azərbaycan iqtisadiyyatı 189 ölkə iqtisadiyyatı arasında “Biznesə başlama” göstəricisi üzrə 7-ci, “Əmlakın qeydiyyatı” göstəricisi üzrə 22-ci, “Vergilərin ödənişi” göstəricisi üzrə 34-cü, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 36-cı, “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 40-cı yerdədir. Bununla da, Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.

 

Ərazisinin 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasında

 

Həmçinin ölkəmizdə İKT sektorunun sürətli inkişafı və sektorun inkişafına yaxından dövlət dəstəyinin nəticəsidir ki, ilbəil beynəlxalq təşkilatların hesabatında Azərbaycan öz mövqeyini daha da möhkəmləndirir. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisi 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Həmçinin Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrindən Rusiyanı da qabaqlayaraq Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb. Habelə, BMT-nin ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi “E-Hökumət müayinəsi 2014” (“E-Government Survey 2014”) adlı hesabatında Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” (E-Government Development Index) üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.

 

Bütün sahələr üzrə gedən hərtərəfli inkişafın layiqli qiyməti - “Cənub-Cənub” mükafatı

 

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dərc olunmuş “İnformasiya cəmiyyətinin ölçülməsi 2014” hesabatına əsasən, Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə əvvəlki mövqeyindən 1 pillə irəliləyərək 166 ölkə arasında 64-cü yerə, “İKT Qiymət Səbəti” İndeksinə görə isə əvvəlki mövqeyindən 2 pillə irəliləyərək 166 ölkə arasında 56-cı yerə yüksəlib.

Təsadüfi deyil ki, ölkədə bütün sahələr üzrə gedən hərtərəfli inkişaf BMT və BMT-nin agentlikləri tərəfindən diqqətlə izlənilərək, növbəti dəfə obyektiv qiymətini alıb - Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev “Cənub-Cənub” mükafatı ilə təltif olunub.

 

İKT-dən iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması gələcək hədəf və məqsədlərin əsasını təşkil edir

 

Qarşıdakı illərdə də yüksək rəqabətqabiliyyətli iqtisadiyyata doğru irəliləməyi hədəf seçən Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi ümumi iqtisadiyyatın tərəqqisində təkanverici qüvvə, katalizator rolunu oynayacaq əsas amil kimi nəzərdən keçirilir. İnformasiya-kommunikasiya texnologiyalarından iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması gələcək hədəf və məqsədlərin əsasını təşkil edir. İnkişafa aparan bu tədbirlər isə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz yerini alıb. Beləliklə, qarşıya qoyulan bütün məqsədlərə nail olunarsa, 2020-ci ildə Azərbaycan artıq iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkəyə çevriləcək.

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email