RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

Respublika Prezidentinin rəhbərliyi ilə ölkədə İKT sektorunun inkişafı üzrə proqramlar uğurla reallaşdırılır

“Rabitə dünyası” “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədovla müsahibəni təqdim edir.

 

Azərbaycanın İKT bazarı regionda ən perspektivli bazar hesab olunur

 

- Fəaliyyətə başlayan hər hansı sərgi ziyarətçilər üçün aysberqin yalnız görünən hissəsidir. Bəzi hallarda isə sərginin ərsəyə gəlməsi və uğurlu təşkili üçün hətta bir il tələb olunur. Bu baxımdan, “Bakutel” sərgisi də istisna deyil. Ötən müddət ərzində “Bakutel” komandası hansı çətinlikləri dəf edə bilib və hazırlıq prosesinin öhdəsindən necə gəlib?

 

- “Bakutel” sərgisi dekabr ayının 2-də start götürür və biz hazırda sərgiyə hazırlığın yekun mərhələsindəyik. Bildiyiniz kimi, “Bakutel” sərgisinin yaşı 20-dən çoxdur və bu illər ərzində sərgi özünü həm iştirak, həm də ziyarət baxımından mühüm tədbir kimi doğrulda bilib. Buna görə də, biz bilavasitə sərginin təşkili ilə bağlı heç bir çətinliklə üzləşmədik. Lakin qeyd etmək lazımdır ki, hazırda bütün dünya iqtisadi böhran keçirir və bu baxımdan, qonşularımızın cari durumunu nəzərdən keçirmək kifayətdir. Bu ölkələr uzun illər sərginin fəal iştirakçıları idilər, hazırda isə bu ölkələrin İKT şirkətləri müəyyən çətinliklərlə üzləşməli olurlar. Bəzi xarici şirkətlər sərgidə öz sahələrini bir qədər azaltsalar da, daimi iştirakçılarımızın, demək olar ki, hamısı öz iştirak sahələrini olduğu kimi saxlayıb. Bu il milli stendlərin də sayı bir qədər azalıb, lakin sərginin ümumi sahəsi azalsa da, iştirakçıların tərkibi əsasən dəyişilməz olaraq qalır. Bundan başqa, sərginin iştirakçıları arasına yeni şirkətlər daxil olub. Sözsüz ki, bu, ilk növbədə ölkəmizdə İKT bazarının inkişafı və xarici iştirakçılarımızın rəyinə əsasən, regionda ən perspektivli bazar olması ilə bağlıdır. Ölkəmizdə dövlət layihələrinin davam etdirilməsi ilə yanaşı, yeni-yeni layihələr həyata keçirilir. İKT bazarının iştirakçıları bu müsbət dinamikanı müşahidə etməyə bilməzlər və buna görə də onlar sərgiyə maraq göstərir və bu tədbirdə fəal şəkildə iştirak edirlər. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi dəstək sərginin inkişafında mühüm rol oynayır və mən fürsətdən istifadə edərək, uzun illər ərzində göstərdiyi dəstəyə görə nazirliyə öz xüsusi minnətdarlığımı bildirirəm.

 

Ən kreativ və fəal iştirakçılar sertifikatlarla təltif ediləcək

 

- Təbii ki, “Bakutel” sərgisi ildən-ilə daha da rəngarəng və təkrarlanmayan formada ziyarətçilərin görüşünə gəlir. Həmçinin, texnologiyanın inkişaf tempinə uyğun olaraq, daha aktual mövzular sərginin müzakirə mövzusuna çevrilir. Bu baxımdan, “Bakutel-2015” sərgisində ziyarətçiləri hansı əsas yeniliklər gözləyir?

 

- Hər bir sərgi özü ilə yeni texnologiya, təcrübə və parlaq təəssüratlar gətirir və builki sərgidə İKT sektorunun müxtəlif sahələri üzrə bir sıra yeniliklər təqdim olunacaq. Sərgi iştirakçılarının 15%-ni tədbirdə ilk dəfə iştirak edən yeni şirkətlər təşkil edir. Qeyd etmək lazımdır ki, həmin şirkətlər arasında “AVAYA”, “Google” və “Kasperski Lab” kimi dünyanın məşhur şirkətləri də var. Bundan başqa, sərgi vizual baxımdan da nəzərəçarpacaq dərəcədə dəyişəcək, belə ki, mobil operatorlar və “Azərkosmos” kimi şirkətlər öz stendlərinin dizaynını dəyişiblər. Əvvəlki illərdə olduğu kimi, biz bu il də sərgi çərçivəsində müsabiqə keçirməklə yanaşı, ən kreativ və fəal iştirakçıları sertifikatlarla təltif etməyi planlaşdırırıq.

 

- Sərgidə hansı ölkələrin məhsul və xidmətləri nümayiş olunacaq?

 

- Bu il sərgidə Azərbaycan, Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiya da daxil olmaqla, dünyanın 19 ölkəsini təmsil edən 200 şirkət iştirak edir. “Avirtel”, “Azercell Telecom”, “Azərkosmos”, “Azerfon”, “Azqtel”, “Airbus”, “Bakcell”, “BestComp Group”, “CISCO”, “Delta Telecom”, “Digital Source”, “Huawei”, “R.I.S.K. Company”, “SAP”, “SİNAM”, “Smart Systems Technology”, “Softline International”, “Schneider”, Sumqayıt Texnologiya Parkı, “Teleradio”, “Ultra Technologies”, “ZTE” və digər bu kimi aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribцtеrlяrи sərginin iştirakçıları qismində çıxış edirlər. “Eurodesign” şirkəti artıq ardıcıl olaraq ikinci ildir ki sərginin qeydiyyat sponsorudur. Bu il tədbirin daimi iştirakçısı olan “Bakcell” şirkətini isə “Bakutel 2015” sərgisinin kommunikasiya sponsoru qismində qarşılamaqdan məmnunuq.

 

“Biz də ziyarətçilər üçün sürprizlər hazırlamışıq”

 

- Bir ənənə olaraq, “Bakutel” öz ziyarətçilərinə yalnız ciddi müzakirə mövzuları deyil, əyləncəli anlar da bəxş edir. Bu baxımdan, builki proqramda hansı yeniliklər, sürprizlər gözlənilir?

 

- Həqiqətən, “Bakutel” təkcə sərgi deyil, həm peşəkarlar, həm də İT texnologiyaları ilə maraqlananların ilboyu gözlədiyi bir bayramdır və buna görə də sərginin bütün iştirakçı və ziyarətçilərini işgüzar görüş və danışıqlarla yanaşı, bir-birindən maraqlı sürprizlər, müsabiqələr və viktorinalar gözləyir. Hər il olduğu kimi, sərgi iştirakçıları bu il də ziyarətçilərin görüşünə yaxşı hazırlaşıblar və öz stendlərində maraqlı tədbirlər keçirməyi planlaşdırırlar. Bu yaxınlarda sərgi iştirakçılarından birinin sosial şəbəkələrdə paylaşdığı ismarışda “Bakutel” sərgisində həmin şirkətin stendini ziyarət edən hər bir kəsə Rusiyadan gətirilmiş hədiyyələrin veriləcəyini oxudum. Bu ismarış qısa müddət ərzində sosial şəbəkələrdə bizi izləyənlər arasında yayıldı. Mən qeyd etmək istəyirəm ki, “Bakutel” sərgisinin iştirakçıları bu mənada çox fəaldırlar və ziyarətçilərlə görüşə həvəslə hazırlaşırlar. Onların sərgidəki çıxışları öz kreativliyi ilə fərqlənir. Buna görə də mən təşkilatçılar adından şirkətlərə öz minnətdarlığımı bildirirəm. Biz də ziyarətçilər üçün sürprizlər hazırlamışıq - bu dəfə London şəhərinin “Magic Circle” sirkinin tanınmış illüzionisti Tom Londonu sərgiyə dəvət etmişik. O, sərginin keçiriləcəyi dörd gün ərzində sadə “iPad” və telefondan istifadə etməklə, “Bakutel” sərgisinin bütün ziyarətçilərinə bir-birindən maraqlı fokuslarla yanaşı, öz əl məharətini də nümayiş etdirəcək.

 

“Bakutel” sərgisi “Hi-Tech” sənayesinin ən son cərəyanlarını əks etdirir

 

- “Bakutel” sərgi-konfransı ilk növbədə Azərbaycanda İKT sektorunun inkişaf perspektivlərini müzakirə etməyə imkan verməsi, bu müzakirələr üçün yaradılan geniş meydan və platforma olması ilə səciyyələnir. Sərgi təşkilatçısı olaraq, Azərbaycanda İKT sektorunun inkişaf perspektivləri ilə bağlı sizin də fikirlərinizi öyrənmək maraqlı olardı.

 

- Sərgi bazardakı təmayülləri müşahidə etmək üçün əla məkandır. Bundan başqa, sərgi potensial istehlakçıların məhsullarla birbaşa təmas etmələrinə şahid olmaq və müvafiq nəticələr çıxarmaq üçün əvəzsiz imkandır. Buna görə də, sərgiyə gəlib həm özünü, həm də rəqibini, eləcə də bazarın yeni iştirakçılarını təhlil etməklə, yaxın bir neçə il üçün yüksək texnologiyalar sənayesinin inkişafını müşahidə etmək mümkündür. Şirkətlərin hansı məhsulları təqdim edəcəyini bildiyim üçün təsdiqləyə bilərəm ki, “Bakutel” sərgisi “Hi-Tech” (yüksək texnologiyalar) sənayesinin ən son cərəyanlarını əks etdirir. Belə ki, sərgidə İT və telekommunikasiya sektorunun əsas hərəkətverici qüvvəsi olan mobil sənayenin yenilikləri təqdim olunacaq. Bura mobil internet və mobil məzmun da daxildir ki, bu da “4G” “LTE” şəbəkələri və “5G”-nin güclü inkişafı ilə bağlıdır. Bu barədə sərgidə iştirak edən mobil operatorlardan məlumat almaq mümkündür.

Əlbəttə, sərgidə telefonlar, planşetlər və s. bu kimi aksessuarlar da nümayiş olunacaq. Biz hələ ötən il sərgi çərçivəsində keçirilmiş konfrans zamanı “Əşyalar interneti” mövzusuna toxunmuşduq və indi görürük ki, bu mövzu geniş vüsət alaraq daha da populyarlaşıb. Buna görə də sərgidə ev avadanlıqlarının internetə qoşulmasına imkan yaradan “hablar”, eləcə də bilavasitə həmin avadanlıqlar təqdim ediləcək. Həmçinin, informasiya təhlükəsizliyi üzrə də bir sıra təkliflər də səsləndiriləcək. Bir sözlə, sərgiyə gələrək təqdim olunan bütün məhsulları öz gözlərinizlə görmək daha yaxşıdır. Qeyd etmək istəyirəm ki, hazırda yerli bazarda İKT sektoruna böyük tələbat var və zənnimcə, Azərbaycanın İKT şirkətlərinin prioritet tapşırıqlarından biri də yerli bazarı daha da zənginləşdirməkdən ibarət olacaq.

 

Əsas hissəsini İKT sektorunun təşkil etdiyi qeyri-neft sektoru öz yüksəliş mərhələsini yaşayır

 

- Ekspertlər hesab edirlər ki, sahəyə yatırılan investisiyalar davam etdirilərsə, Azərbaycanda informasiya texnologiyaları sahəsi qarşıdakı illərdə neft sektorunun uğurlarını təkrarlayacaq. Necə düşünürsünüz, bu optimist proqnoz özünü doğruldacaqmı? Həmçinin, qarşıya qoyulan hədəfin reallaşması üçün hansı vacib tədbirlər mövcuddur?

 

- Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında qeyri-neft sektorunun gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəyini vurğulayıb. Biz də öz tərəfimizdən, sərgi təşkilatçıları kimi, qeyri-neft mövzuları sahəsində olan sərgilərin inkişafına dəstək veririk. Tarixə nəzər yetirsək, Azərbaycanda yalnız neft-qaz sərgisi “Caspian Oil and Gas” mövcud idi. Daha sonra isə təşkilatımız Azərbaycanda qeyri-neft sahəsində olan sərgilərin sayını ildən-ilə artırdı. Beləliklə, 2016-cı ilin təqviminə nəzər yetirsək, təqvimdə 20-dən artıq qeyri-neft sahəsi mövzusunda sərgilər yer alır. Buna görə, mən düşünürəm ki, İKT sektoruna yatırılan investisiyaların həcmi artacaq. Əsas hissəsini İKT sektorunun təşkil etdiyi qeyri-neft sektoru öz yüksəliş mərhələsini yaşayır və intensiv şəkildə inkişaf edir. Respublika Prezidentinin rəhbərliyi ilə ölkədə İKT sektorunun inkişafı üzrə proqramlar uğurla reallaşdırılıb və reallaşdırılmaqda davam edir. Bura ilk növbədə “Еlektron hökumət” və “ASAN xidmət” layihələri daxildir. Bu təcrübə sərginin xarici iştirakçılarının böyük marağına səbəb olub və bir neçə ölkədə artıq uğurla tətbiq edilir. Hazırda yerli kadrların hazırlanmasına, yəni insan kapitalının inkişafına böyük diqqət göstərilir. 2013-cü ildə, sözün əsl mənasında, tarixi hadisə - ölkənin ilk peykinin orbitə buraxılması baş verdi ki, bu da Azərbaycanın kosmik ölkələr sırasına daxil olmasına imkan yaratdı. Bu il sərgidə artıq “Azerspace-2” ikinci peykin orbitə buraxılması ilə əlaqədar “Azərkosmos” və “Arianespace” şirkətləri arasında müqavilə bağlanılacaq. Gördüyünüz kimi, sərgi sənayenin güzgüsüdür və sənayenin cari durumunu əks etdirməklə yanaşı, inkişaf istiqamətlərini də nümayiş etdirir. Buna görə də, investorlar sərgiləri daim diqqətlə izləyir, onların vasitəsi ilə sənayenin təmayüllərini müşahidə edir və investisiya yatırmaq üçün ən perspektivli layihələri seçirlər. Mən həmişə vurğulamışam ki, xüsusilə dünyanın iqtisadi böhran yaşadığı bir dövrdə sərgilərdə iştirak etmək çox aktualdır. Sərgi ilə sənaye arasında qarşılıqlı təsir barədə çox danışmaq olar. Mən isə sadəcə qeyd etmək istərdim ki, “Bakutel” sərgisi keçirildiyi günlərdə mütəxəssisləri, məsul struktur orqanları, beynəlxalq təşkilatları və İKT sektoru üzrə bilikləri bir araya toplayaraq, sənayenin ümumi texnoloji inkişafını nümayiş etdirir. Bakı şəhəri isə bu günlərdə İKT sənayesinin bir növ “hab”ına çevrilir. Beləliklə, “Bakutel” sərgisinin hər il keçirilməsi sənayenin inkişafına müsbət təsir göstərir.

 

H.İSABALAYEVA

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email