RABİTƏ DÜNYASI

en

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN QƏZETİ

QƏZET 1992-Cİ İLDƏN NƏŞR OLUNUR

“Bakutel 2015” sərgisində TASİM layihəsi ilə bağlı tərəfdaşlarla görüşlər keçiriləcək

“Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.

Bu uzunmüddətli təşəbbüsün reallaşması iki mərhələdən ibarət olacaqdır.

Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet şəbəkəsini yaradacaqlar. Bu şəbəkə TASİM-ə kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq İP tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaqdır.

İkinci mərhələdə TASİM qurulan tranzitin infrastrukturundan istifadə edərək əsasən Mərkəzi Asiya olmaqla, dənizə çıxışı olmayan Avrasiya ölkələrinə münasib qiymətli bağlantı ilə təmin edəcəkdir. Bununla yanaşı, Milli telekom infrastrukturunun inkişaf planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdirilərək TASİM şəbəkəsinə birləşdiriləcəkdir.

 

TASİM layihəsinin reallaşdırılması region üçün aşağıdakı əsas faydaları verəcəkdir:

 

- Təkmilləşdirilmiş regional və qlobal bağlantı;

- Telekommunikasiya tranzit marşrutunun diversifikasiyası;

- Təkmilləşdirilmiş qəza bərpa çevikliyi;

- Rəqəmsal uçurumun azaldılması və Davamlı İnkişaf Məqsədlərinə töhfə;

- Regional innovasiya və müasirləşməyə töhfə.

 

TASİM layihəsi Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaqdır. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcəkdir.

Layihə təşəbbüsü 2008-ci ilin noyabr ayında “XIV Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları sərgi və konfransı” (Bakutel) çərçivəsində Bakıda keçirilmiş nazirlərin görüşü zamanı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) tərəfindən irəli sürülmüş, həmin ayın 11-də TASİM layihəsinin yaradılmasına dair xüsusi Bakı Bəyannaməsi qəbul edilib.

2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə (A/Res/64/186) qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunur.

2010-cu ilin aprelindən etibarən TASİM layihəsinin İdarəetmə Qrupu yaradılıb. İdarəetmə Qrupu beynəlxalq konsultant ilə əməkdaşlıqda TASİM-in ilkin biznes konsepsiyasını yaradıb və aparıcı regional dövlətlər və operatorlarla konsorsiumun yaradılmasını müzakirə edib.

2011-ci ilin iyulunda Qəbələ şəhərində hazırlıq işi nəticəsində Azərbaycan tərəfi aparıcı telekom şirkətləri - Çin (Chinatelecom), Qazaxıstan (Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Turktelekom) və Avropa İttifaqıнын (Pantel) iştirakı ilə TASİM üzrə 1-ci beynəlxalq seminarı keçirib. Tədbirin nəticəsində layihənin Katibliyi yaradılıb və operatorlar TASİM Konsorsiumunun yaradılmasına dair təfsilatlı Anlaşma Memorandumu üzərində işləməyə razılaşıblar.

TASİM layihəsi üzrə telekom operatorlarının növbəti görüşləri 2011-ci ilin 2-3 oktyabr tarixində İstanbulda və 2012-ci ilin 8-9 mart tarixində isə Budapeştdə keçirilib. Müvafiq olaraq, konsorsiumun idarə olunması, şərtləri və qaydaları üzrə danışıqlar davam etdirilmiş, tərəflər arasında Məxfilik Anlaşması imzalanıb.

2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında TASİM layihəsi üzrə yeni qətnamə (A/Res/67/194) yekdilliklə qəbul edilib. Layihənin reallaşdırılmasına dəstək məqsədilə regional telekommunikasiya tranzit marşrutunun genişləndirilməsinin inkişaf etdirilməsi istiqamətində özəl sektor, vətəndaş cəmiyyəti, elmi və beynəlxalq inkişaf institutları və hökumətlər arasında əməkdaşlığın yaradılması üçün Beynəlxalq Telekommunikasiya İnstitutu ilə Avrasiya Rabitə Alyansının (EuraCA) yaradılması təklifi bu qətnamədə öz əksini tapıb.

Avrasiya regionunda TASİM kimi telekommunikasiya tranzit marşrutları üzrə siyasi dialoqun təşviqi, regional tərəfdaşlıq və əməkdaşlığın dəstəklənməsi, maarifləndirmənin artırılması, təcrübə və bilik mübadiləsi üçün imkanların yaradılmasına xidmət edəcək “EuraCA”-nın yaradılması üçün BMT-nin növbəti siyasi dəstəyi Baş Assambleyanın 2013-cü il sentyabr ayının 4-də keçirilən 67-ci sessiyasında səsverməyə çıxarılmadan qəbul edilən qətnamə (A/Res/67/298) ilə bir daha yenilənib.

TASİM Layihəsinin Katibliyi yarandığı ildən etibarən müxtəlif nüfuzlu beynəlxalq təşkilat və qruplarla sıx əlaqələr qurur. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası və BMT-nin İqtisadi və Sosial Əlaqələr Departamentindən (UN DESA) başqa, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), BMT-nin Asiya və Sakit Okeanı üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP), BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UN ECE) və BMT-nin İnkişaf Proqramı (UNDP) kimi ixtisaslaşmış qurumlar TASİM layihəsinə öz dəstəklərini ifadə ediblər. Bunlarla yanaşı, Katiblik Dünya Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir.

Bu baxımdan, “UN ESCAP” tərəfindən 2013-cü ilin 24-25 sentyabr tarixində Manilada, 3-4 dekabr tarixində isə Bakıda “İnformasiya Super Magistralı və Regional Bağlantı” mövzusunda təşkil edilən ekspert məsləhətləşməsi adlı tədbirlərdə TASİM və “EuraCA” layihələrinin təqdimatı keçirilib. Nəticədə, regional əhəmiyyətli hər iki tədbirin yekun sənədlərində TASİM layihəsi Avropa və Asiyanı birləşdirən trans-sərhəd yerüstü bağlantının vacib regional nümunəsi olmaqla yanaşı, Asiya İnformasiya Super Magistralı təşəbbüsünün əsas hissəsi kimi əks olunmuş Manila Ekspert Məsləhətləşməsinin yekun tövsiyələrində BMT-nin “EuraCA” təşəbbüsünə dəstəyini ifadə edən qətnaməsi öz əksini tapıb.

Bundan başqa, 2014-cü ilin 2-3 iyun tarixlərində Almatı şəhərində UN ESCAP və Dünya Bankının birgə təşkilatçılığı ilə baş tutmuş Mərkəzi Asiyada Telekommunikasiya Sahəsində Yüksək Səviyyəli Regional Dəyirmi Masada “EuraCA” və TASİM layihələri haqqında növbəti ətraflı təqdimat keçirilmişdi. Təqdimatda Avrasiya məkanı və qlobal səviyyədə rabitənin təminatı məsələlərində böyük əhəmiyyət kəsb edən, Azərbaycan Hökuməti tərəfindən irəli sürülən və BMT-nin A/Res/67/194 və A/Res/67/298 qətnamələri ilə dəstəklənmiş “EuraCA”-nın əsas məqsədləri ekspertlərin diqqətinə çatdırılıb.

Belə ki, rabitə sahəsində mövcud və perspektiv irimiqyaslı layihələrin (genişzolaqlı bağlantı, peyk bağlantısı və s.) müzakirəsi üçün platformanın yaradılması, bu sahədə problemlərin həlli və uğurlu təcrübələrin bölüşцлməsi, rəqabətə davamlı biznes telekom mühitinin formalaşması, İKT ekosistemlərinin inkişafı, dövlət özəl tərəfdaşlığını (public-privatepartnership - PPP) nəzərdə tutan trans-regional layihələrin təşviqi məsələləri xüsusilə qeyd olunub. Təqdimatda həmçinin TASİM layihəsinin yaranması, məqsədləri, mövcud biznes modeli, layihənin Mərkəzi Asiyada genişzolaqlı internet bağlantısının inkişaf etdirilməsində rolu və layihənin reallaşmasında atılan son addımlar haqqında məlumat verilmişdi.

Tədbirin sonunda qəbul olunmuş “Təkmilləşdirilmiş Telekommunikasiya İnfrastrukturu Vasitəsilə Mərkəzi Asiya Bağlantısının Gücləndirilməsi” adlı Almatı Bəyannaməsinə Azərbaycan nümayəndə heyətinin təklifi və səyləri nəticəsində “EuraCA”-nın vacibliyini əks etdirən üç yeni bənd daxil edilib.

TASİM layihəsi ilə əlaqədar işlərin davamı və nəzərdə tutulan konsorsiumun yaradılması məqsədi ilə 2013-cü ilin 3 dekabr tarixində Bakıda keçirilən 19-cu “Bakutel” beynəlxalq sərgi və konfransı zamanı Azərbaycanın, Rusiya, Çin, Qazaxıstan və Türkiyənin müvafiq hüquqi təsisatlarının iştirakı ilə Anlaşma Memorandumu imzalanmış, tərəflərin iştirakı ilə 4 (dörd) məsələ (Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi - maliyyə, “Rostelecom” OJSC və “China Telcomn Global Limited” - texniki, “Kaztranscom” JSC - hüquqi və tənzimləmə, “Türk Telekomünikasyon” A.Ş - kommersiya) üzrə müvafiq işçi qrupu yaradılıb.

Konsorsiumun davamlı işinin təmin edilməsi məqsədi ilə bu ilin 11-12 iyul tarixlərində Bakı şəhərində növbəti seminar təşkil edilmişdi. Yekunda konsorsiumun yaradılması üçün gələcək planları nəzərdə tutan sənəd imzalanıb.

14-16 oktyabr 2014-cü il tarixlərində Tailandın Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okeanı İqtisadi və Sosial Komissiyasının Rabitə və İnformasiya Texnologiyaları üzrə üzv dövlətləri və beynəlxalq təşkilatları təmsil edən ekspertlər komitəsinin 4-cü iclasında TASİM və “EuraCA” layihələrinin iştirakı təmin edilib. Komitənin yekun Hesabat sənədinə TASİM və “EuraCA”-nın Asiya İnkişaf Bankı, Asiya (ADB) Sakit Okeanı Rabitə Cəmiyyəti (APT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) və Hökumətlərarası Komissiya və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı kimi digər regional təşkilatlar və təşəbbüslərlə əməkdaşlığını əks etdirən iki mühüm paraqraf daxil edilib.

Katiblik beynəlxalq tədbirlərdə, beyin mərkəzlərində, o cümlədən sərgi və konfranslarda davamlı olaraq layihənin iştirakını təmin edir. Belə ki, TASİM Layihəsi cari ilin 11-14 sentyabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində baş tutmuş “CeBİT Bilişim 2014” beynəlxalq sərgisində Azərbaycan pavilyonunda ayrılmış xüsusi köşkdə nümayiş etdirilib, 5 noyabr tarixində Londonda 4-cü illik Avropa Azərbaycan Biznes Forumunda təmsil olunub.

Bundan başqa, Çinin İnformasiya və Sosial İnkişaf üzrə Tədqiqat Mərkəzi tərəfindən “Çinin İnformasiyalaşdırma təcrübəsi və onun TASİM layihəsi üçün əhəmiyyəti” adlı tədqiqat işi hazırlanaraq geniş təqdimatı keçirilib. Həmçinin İtaliyanın Beynəlxalq Siyasи Araşdırmalar İnstitutu tərəfindən “Trans-Avrasiya Super İnformasiya Magistralı” adlı tədqiqat işi də nəşr edilib.

Qeyd edək ki, region ölkələri telekom sektorunun inkişafı və bazar tələbatı baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksəksəviyyəli İP şəbəkələr xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir. Bu baxımdan, yaranmış “rəqəmsal fərq”in aradan qaldırılmasında “EuraCA” və TASİM layihələri xüsusi əhəmiyyətə malikdir. Beləliklə, “EuraCA” regionda siyasi dialoqun təşviqi, maarifləndirmə, təcrübə və bilik mübadiləsi, o cümlədən beynəlxalq əməkdaşlığın (hökumətlər, BMT sistemi təşkilatları, BMİ, regional qruplar) təşviqi, TASİM isə informasiya cəmiyyətinin yaradılması, bağlantının sürətləndirilməsi və internet xidmətlərinin inkişafını dəstəkləməklə iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına səbəb olacaqdır.

Cənubi Koreyanın İnçheon şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) və Koreya Respublikasının Elm, İKT və Gələcək Planlaşdırma Nazirliyi ilə birgə Asiya-Pasifik İnformasiya Magistralı üzrə İşçi Qrupunun 1-ci toplantısı keçirilib.

İclasda bölgənin İKT gələcəyinin müzakirəsi ilə yanaşı, İşçi Qrupunun idarə edilməsi üçün rəhbər seçkiləri də keçirilib.

İşçi Qrupun idarəçiliyinə seçilən 4 ölkədən biri də Azərbaycan olub. Belə ki, hazırda Azərbaycan, Çin, Cənubi Koreya və Pakistan İşçi qrupuna rəhbərlik edir.

Cari ilin sentyabr ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nazir müavini Elmir Vəlizadənin sədrliyi ilə Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılmış SPECA-TASİM-CAREC İşçi Qrupunun birinci toplantısı keçirilib.

İqtisadiyyat və Sənaye, Maliyyə, Xarici İşlər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin nümayəndələrindən ibarət İşçi Qrupun iclasında Elmir Vəlizadə “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın (TASİM) region üçün vacibliyindən danışaraq, layihənin 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs olduğunu vurğulayıb.

Nazir müavini beynəlxalq miqyasda böyük dəstək qazanmış layihə üzrə gələcək fəaliyyət planına da aydınlıq gətirərək bu istiqamətdə SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq layihəsi) ilə əməkdaşlığın genişləndirilməsini vacib sayıb.

Görüşün sonunda SPECA-TASİM-CAREC təşəbbüsünə dair Fəaliyyət Planının hazırlanması və qarşıdakı tədbirlərdə təşviqi, eyni zamanda təşəbbüsə dair müvafiq konsepsiyanın hazırlanması, qeyd edilən məsələlərin İşçi Qrupunun növbəti toplantısında yenidən müzakirəyə çıxarılması qərara alınıb. Hazırda bu istiqamətdə işlər davam edir.

“Bakutel 2015” sərgisi TASİM layihəsi üçün yeni tərəfdaşların cəlb edilməsi, informasiya magistralının reallaşmasına maraqlı olan tərfələrlə görüşlərin keçirilməsi baxımından real platforma rolunu oynayır. Bu baxımdan layihə ilə bağlı görüş və debatların keçirilməsi nəzərdə tutulub.

 

Seymur Qasımbəyli

 Facebook Twitter Google Digg Reddit LinkedIn Pinterest StumbleUpon Email